Image

ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə Azərbaycanda isti, quraq və küləkli hava şəraiti davam edəcək ki, bu da meşələrdə və digər təbiət ərazilərində yanğın riskini artırır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Nazirliyin məlumatına görə, meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur. Bildirilib ki, yanğından zərər çəkmiş ekosistemlərin bərpası uzun illər tələb edə bilər.

ETSN vətəndaşlara meşələrdə və meşəətrafı ərazilərdə ocaq qalamamağı, söndürülməmiş siqaret kötüklərini təbiətə atmamağı, quru ot, kol-kos və məişət tullantılarını yandırmamağı, eləcə də yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə saxlamamağı tövsiyə edib.

Nazirlik tüstü və ya yanğın əlaməti müşahidə edildiyi halda dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çağırıb. Qurum vurğulayıb ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə, həmçinin təbiətə uzunmüddətli zərərin dəyməsinə səbəb ola bilər.

Mənbə: anews.az

Xəbər lenti