Image

ANAMA: Bir həftədə azad olunan ərazilərdə 965 mina və PHS zərərsizləşdirilib

İyulun 20-dən 26-dək işğaldan azad edilmiş ərazilərdə 39 tank əleyhinə mina, 173 piyada əleyhinə mina və 753 partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatında bildirilir.

Məlumata görə, hesabat dövründə ümumilikdə 1 740,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.

Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.

Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti