Image

SOCAR II rübdə 1,7 milyon ton neft və 1,8 milyard kubmetr qaz hasil edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin ikinci rübündə müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft və 1,8 milyard kubmetr qaz hasil edib.

SOCAR-ın yaydığı məlumata görə, hesabat dövründə ölkə üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 12,8 milyard kubmetrə çatıb.

Məlumata əsasən, ikinci rübdə SOCAR-ın həyata keçirdiyi qazma işlərinin həcmi illik müqayisədə 32,3% artaraq 24 min metr olub. Bu dövrdə Azərbaycanda ümumilikdə 6,6 milyon tondan çox xam neft hasil edilib.

Hesabat dövründə SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib. Bu həcmə şirkətin öz hasilatı ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq konsorsiumların hasil etdiyi neft üzrə Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

İkinci rübdə ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, daxili istehlak isə təxminən 2,5 milyard kubmetr təşkil edib. Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5%, daxili istehlak isə 4,9% artıb.

SOCAR həmin dövrdə 1,4 milyon tondan çox neft və 679 milyon kubmetr qaz emal edib. Şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici bazarlara ixrac olunub.

Mənbə: anews.az

Xəbər lenti