Image

Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Bundan başqa, dövlət başçısı yenilənmiş qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuşu ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə əlaqədar təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, "Aviasiya haqqında" qanunun 56.5-ci maddəsinə uyğun olaraq, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını, Dövlət Mühafizə Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ədliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Dövlət Turizm Agentliyinin təklifləri nəzərə alınmaqla, üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, yeni qanundan irəli gələn digər məsələləri həll etməlidi.

Çox yüngül uçuş aparatlarının istifadəsi və uçuşu ilə bağlı aşağıdakılar öz əksini tapmalıdır:

- uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;

- uçuş aparatlarının və istismarçılarının qeydiyyatı, habelə qeydiyyatdan azad edilmə halları;

- uçuş aparatlarını idarə edən şəxslərə dair yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, habelə onların uçuş aparatını idarə etmək hüququ verən sənədlə təmin olunması mexanizmi;

- uçuşların həyata keçirilməsi üçün icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin dəqiq müəyyən olunması meyarları, o cümlədən dövlət sərhədi, hərbi obyektlər, strateji infrastruktur obyektləri, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;

- uçuş aparatlarından kommersiya və ya qeyri-kommersiya, o cümlədən şəxsi, idman, turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;

- təhlükəsizlik tələbləri, o cümlədən uçuşların təhlükəsiz həyata keçirilməsi məqsədilə uçuşların əvvəlcədən razılaşdırılması və məlumatlandırma prosedurları;

- uçuş aparatlarının texniki yararlılığına, istismarına və dövri yoxlanılmasına dair tələblər;

- uçuş aparatları istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.

Mənbə: anews.az

Xəbər lenti