Image

"İdrak" liseyində müəllimin güllələnməsində təqsirləndirilən yeniyetmənin atasına hökm oxunub

Bakının Binəqədi rayonunda yerləşən "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı həbs olunan yeniyetmənin atası Samir Şirinov barəsində hökm çıxarılıb.

APA-nın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə Samir Şirinov Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.

Hazırda "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı əsas cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Hadisə bu il fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl liseydə baş verib. Baş Prokurorluğun məlumatına görə, şagird tərəfindən odlu silahdan açılan atəş nəticəsində müəllim xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb və fevralın 7-də barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham irəli sürülüb. Hazırda həmin cinayət işi üzrə məhkəmə baxışı davam edir.

Mənbə: anews.az

Xəbər lenti