2020-ci ildən 913 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi 2020-ci ildən bəri həyata keçirdiyi reinteqrasiya tədbirləri nəticəsində 913 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qaytarılmasını təmin edib.
Nazirlikdən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesi çərçivəsində hər bir ailə üçün sosial dəstək tədbirlərini əhatə edən fərdi ailə inkişaf planı hazırlanır. Bu plan əsasında ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması və valideynlik bacarıqlarının gücləndirilməsi istiqamətində müvafiq dəstək göstərilir.
Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailə mühitində vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır.
Nazirlik qeyd edib ki, valideyn himayəsindən məhrumolma hallarının qarşısının alınması istiqamətində də sosial-psixoloji dəstək və maarifləndirmə tədbirləri davam etdirilir. Bu tədbirlər nəticəsində ötən dövr ərzində 1 019 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb.
Sosial Xidmətlər Agentliyi 2020-ci ildə fəaliyyətə başlayıb və uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması, eləcə də müəssisələrdə olan uşaqların ailələrinə reinteqrasiyası istiqamətində dövlət siyasətini həyata keçirir.
Mənbə: anews.az