İran Çindən 400-ə yaxın portativ zenit-raket sistemi almağa hazırlaşır
İran yaxın həftələrdə Çindən təxminən 400 ədəd portativ zenit-raket sistemi almağı planlaşdırır. Bu barədə Reuters məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dəyəri 60-70 milyon ABŞ dolları olan müqavilə Tehranın ABŞ və İsraillə müharibənin başlanmasından sonra yaxın mənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı ən böyük addımlardan biri hesab olunur.
Mənbələr bildiriblər ki, müqavilə çərçivəsində Çin istehsalı olan QW-12 və FN-16 tipli 300-400 portativ zenit-raket sisteminin tədarükü nəzərdə tutulur. Silahların alınması üzrə sazişin İran tərəfi ilə Çin təchizatçısı arasında vasitəçi qismində çıxış edən Honkonqda yerləşən Zhongqing Baoshang International Investment şirkəti vasitəsilə bağlandığı qeyd edilir.
İran Xarici İşlər Nazirliyi Reuters-in şərh sorğusunu cavablandırmayıb.
Çinin Xarici İşlər Nazirliyi isə məlumatı təkzib edərək bildirib ki, "müvafiq xəbərlər tamamilə əsassızdır" və Pekin münaqişələrin sülh yolu ilə həllini dəstəkləməyə davam edir.
Reuters-in məlumatına görə, Zhongqing Baoshang International Investment şirkətinin ana şirkəti olan Pekində yerləşən Zhong Qing Bao Shang Group da elektron poçt vasitəsilə göndərilən sorğunu cavabsız qoyub.
İran son aylarda İsrail və ABŞ ilə yaşanan hərbi qarşıdurmadan sonra hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində addımlar atır. Portativ zenit-raket sistemləri aşağı hündürlükdə uçan təyyarə, helikopter və pilotsuz uçuş aparatlarına qarşı istifadə olunur. Reuters-in məlumatı anonim mənbələrə əsaslanır və tərəflərdən yalnız Çin Xarici İşlər Nazirliyi iddiaları rəsmən təkzib edib.
Aytac
Mənbə: anews.az