Image

Gənc çaparın iddiası: DSX məni bir ilə yaxındır işə buraxmır

Dövlət Sərhəd Xidmətinin (DSX) tabeliyində fəaliyyət göstərən "Sərhədçi" Atçılıq Klubunda çalışmış çapar Gülay Fərzəliyeva iddia edir ki, atası barəsində başlanmış cinayət işindən sonra bir ilə yaxındır işə buraxılmır. Onun sözlərinə görə, cinayət işi ilə heç bir əlaqəsi olmasa da, əməkhaqqı almır və əmək münasibətlərinə xitam verilməsi barədə də rəsmi bildiriş təqdim edilməyib.

Gülay Fərzəliyevanın atası Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. İstintaqın iddiasına görə, ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və digər avadanlıqlar satılıb. Sonradan həmin əşyaların oğurlandığı müəyyən edilib.

Vüsal Fərzəliyev ittihamları qəbul etmir. O, səkkiz ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Gülay Fərzəliyeva bildirir ki, 2019-cu ildən DSX-nin tabeliyində fəaliyyət göstərən atçılıq kompleksində işləməyə başlayıb və cinayət işi ilə bağlı heç vaxt istintaqa cəlb olunmayıb.

"Atam barəsində cinayət işi açılıb, lakin həmin iş üzrə mənim adım heç bir yerdə hallanmayıb. Məni nə istintaqa çağırıblar, nə də şahid qismində ifadə vermişəm. Mən hərbi hissənin tərkibində fəaliyyət göstərən atçılıq kompleksində çalışmışam. Atamla bağlı cinayət işi başladıqdan sonra işimdə problemlər yaranıb. Hazırda işə buraxılmıram, - o əlavə edib.

Onun sözlərinə görə, işə qəbul olunmasında DSX rəhbərliyinin təşəbbüsü olub.

"Məni həmin işə general Elçin Quliyev özü dəvət etmişdi. Bir ilə yaxındır ki, işə gedə bilmirəm. Atamın məhkəmə prosesi hələ başa çatmadığı üçün işə gedə bilmirəm. Cinayət işi qrup halında bir neçə şəxslə bağlı olduğu üçün proses uzun çəkə bilər, - Fərzəliyeva əlavə edib.

Fərzəliyeva deyir ki, təxminən bir ildir nə əməkhaqqı alır, nə də işdən çıxarıldığı barədə rəsmi sənəd təqdim olunub.

"İşlədiyim dövrdə əməkhaqqı alırdım. Lakin artıq təxminən bir ildir ki, nə işə buraxılıram, nə də əməkhaqqı alıram. Eyni zamanda mənə işdən çıxarıldığım barədə də rəsmi məlumat verilməyib. Heç kim nə işə qayıdacağımı, nə də əmək münasibətlərinə xitam verildiyini bildirib”- çapar qeyd edib.

O bildirib ki, məsələ ilə bağlı dəfələrlə rəhbərliyə müraciət edib.

"Mənim üçün əsas məsələ maaş deyil, gələcəyim və karyeramdır. Dəfələrlə rəhbərliklə, o cümlədən generalın müavini ilə danışmışam. Mənə yalnız gözləməyimi, məsələni həll etməyə çalışacaqlarını deyiblər, lakin konkret cavab verməyiblər”- o qeyd edib/

Çaparın sözlərinə görə, xaricdən aldığı təkliflərə baxmayaraq, Azərbaycanda fəaliyyət göstərməyi seçib.

"Atçılıq sahəsində fəaliyyətimlə əlaqədar bir neçə ölkədən təkliflər almışdım. Hətta 2019-cu ildə işə başlamazdan əvvəl xarici ölkələrdən birində həmin ölkəni təmsil etməyim üçün təklif gəlmişdi. Bütün şəraitin təmin ediləcəyi bildirilmişdi. Lakin öz ölkəmdə işləməyi üstün tutduğum üçün həmin təklifləri qəbul etmədim” – o vurğulayıb .

Hazırda onun əsas istəyi əvvəlki işinə qayıtmaqdır.

"Atam hazırda ev dustaqlığındadır. Mən isə bu hadisə ilə bağlı heç bir istintaq hərəkətinə cəlb edilməmişəm. Mən sadəcə əvvəlki işimə qayıtmaq istəyirəm”- idmanı bildirib.

Vəkil Xəyal Bəşirov hesab edir ki, əmək müqaviləsi qüvvədə olduğu halda əməkhaqqının ödənilməməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər.

"İşçinin əmək müqaviləsi əsasında işlədiyi halda əməkhaqqının ödənilməməsi hüquq pozuntusu hesab olunur və bu məsələ məhkəmə qaydasında həll edilə bilər. Əgər şəxs əmək müqaviləsi ilə fəaliyyət göstərirsə, gördüyü işin qarşılığında ona əməkhaqqı ödənilməlidir. Bu, Əmək Məcəlləsinin imperativ, yəni məcburi tələbidir. İşçinin harada işləməsinin – hərbi hissədə və ya digər dövlət və özəl qurumda fəaliyyət göstərməsinin hüquqi baxımdan fərqi yoxdur. Əsas məsələ əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsidir”.- vəkil əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində cinayət məsuliyyəti fərdi xarakter daşıyır.

"Qanunvericiliyə əsasən, heç kəs başqa bir şəxsin, o cümlədən yaxın qohumunun törətdiyi əmələ görə məsuliyyət daşımır. Əgər həmin şəxsin hadisədə hər hansı rolu olubsa, məsələn, əşyaların yerini göstərib və ya cinayətin törədilməsinə kömək edibsə, o zaman qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər”,- vəkil qeyd edib.

Vəkil əlavə edib ki, atası barəsində aparılan istintaqın qızının əmək münasibətlərinə hüquqi təsiri olmamalıdır.

"Belə olan halda həmin şəxs əmək müqaviləsinə əsasən işləyirsə, əməkhaqqını tam şəkildə almalıdır. Atasının barəsində aparılan istintaq və ya törətdiyi əməl onun əmək münasibətlərinə heç bir hüquqi təsir göstərmir”- o vurğulayıb.

Azərbaycan Atçılıq Federasiyasının baş katibi Elvin Məmmədxanov bildirib ki, məsələ federasiyanın səlahiyyətlərinə aid deyil.

"Bu artıq klubun daxili məsələsidir. Azərbaycan Atçılıq Federasiyasının bununla bağlı hər hansı səlahiyyəti yoxdur. 'Sərhədçi' klubu federasiyanın klubu deyil. Hər bir klub öz fəaliyyətinə görə özü məsuliyyət daşıyır. Bu məsələ ilə bağlı birbaşa klubun rəhbərliyi ilə əlaqə saxlayın”- Məmmədxanov deyib.

2018-ci ildə Gülay Fərzəliyevanın at belində nümayiş etdirdiyi bacarıqları əks etdirən videolar sosial şəbəkələrdə geniş yayılıb və ictimai maraq doğurub.

DSX-nin həmin dövrdə yaydığı məlumata görə, bundan sonra o, xidmət rəhbərliyi ilə görüşə dəvət olunub. Görüş zamanı Gülayın peşəkar məşqlərlə məşğul olması üçün şərait yaradılması, süvari avadanlığı ilə təmin edilməsi, eləcə də atası Vüsal Fərzəliyevin işlə təmin olunması barədə tapşırıqlar verilib.

Sonradan Gülay Fərzəliyeva "Sərhədçi" Atçılıq Klubunda fəaliyyətini davam etdirib, müxtəlif konkur yarışlarında iştirak edib. O, 2025-ci ilin iyununda keçirilən "Omar" kuboku uğrunda konkur yarışlarında "Sərhədçi" Atçılıq Klubunun təmsilçisi kimi ikinci yeri tutub.

Anews.az məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə rəsmi sorğu ünvanlayıb. Qurumdan cavab daxil olduqdan sonra material yenilənəcək.

Gülay Fərzəliyeva ilə bağlı məlumatı ilk olaraq Qafqazinfo yayıb.

Aytac Zeynalova

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti