HHM bölmələrinin istifadəsinə 20-yə yaxın yeni hərbi obyekt verilib
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rəhbər heyətə respublikanın müxtəlif bölgələrində istifadəyə verilmiş 20-yə yaxın yeni hərbi infrastruktur obyekti barədə məruzə olunub. Qeyd edilib ki, bu obyektlərdə şəxsi heyətin xidməti-döyüş fəaliyyətini təmin etmək üçün zəruri şərait yaradılıb.
Məlumata görə, obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana, su təchizatı kompleksi və fasiləsiz enerji təminatı üçün generatorlar quraşdırılıb. Binalar həmçinin kommunal xidmət sistemləri, kommunikasiya xətləri və yanğın əleyhinə siqnalizasiya ilə təchiz olunub.
Nazirlik bildirib ki, hərbi infrastruktur müasir avadanlıq, mebel və inventarla təmin edilib.
Müdafiə naziri Zakir Həsənov Hava Döyüş Komandanlığına Azərbaycanın hava məkanının etibarlı mühafizəsinin təmin edilməsi, eləcə də HHM bölmələrində keçirilən təlimlər zamanı silahlanmaya yeni qəbul edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi və onların döyüş şəraitində səmərəli tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.
Mənbə: anews.az