Image

AYNA, RİNN və "Bakı Metropoliteni" ekspertlərlə bir araya gəlir

Avqustun 6-da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və "Bakı Metropoliteni" QSC bir qrup ekspertlə qapalı görüş keçirəcək. Bu barədə Anews.az-a görüşdə iştirak edəcək üç fərqli mənbə bildirib.

Görüş "Bakı Metropoliteni" QSC-nin təşəbbüsü ilə baş tutacaq. Müzakirələrin əsas mövzusu "28 May" və "Nizami" stansiyaları arasında metro hərəkətinin müvəqqəti dayandırılmasıdır.

Qurum rəhbərliyi şəhər mərkəzindəki sıxlığı azaltmaq və metropolitenin genişlənməsini təmin etmək məqsədilə Qırmızı və Yaşıl xətlərin ayrılmasını, həmçinin yeni stansiyaların inşasını planlaşdırır. Layihə çərçivəsində avqustun 15-dən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti tikinti işləri başa çatanadək saxlanılacaq.

Məhdudiyyət dövründə sərnişindaşımanın təmin edilməsi üçün həmin istiqamətdə xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək. Gediş haqqı bir sərnişin üçün 60 qəpik təşkil edəcək.

Qapalı görüşün yekununda ekspertlər tərəfindən səsləndirilən təkliflərin qiymətləndirilməsi və nəzərə alınması planlaşdırılır.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti