Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı investisiyaların təşviqini nəzərdən keçirdik”, - nazir bildirib.
*** 11:23
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Ticarət və investisiya liderliyi naharı” sessiyasında iştirak edib.
Bununla bağlı nazir rəsmi “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“Davos İqtisadi Forumu çərçivəsində baş tutan “Ticarət və investisiya liderliyi naharı” sessiyasında Azərbaycanın investisiya imkanları, işğaldan azad edilmiş ərazilərimizin, sənaye zonalarımızın yüksək iqtisadi potensialı və zəngin resurslarımızın dayanıqlı inkişaf üçün perspektivləri barədə məlumat verdik.
Rəqəmsal həllər əsasında iqtisadi inkişafın, dövlət-özəl tərəfdaşlığını təmin edən layihələrin artırılmasının və investisiyaların diversifikasiyasının əhəmiyyətini vurğuladıq”.
***10:21
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.
O bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə COP29-un səmərəli təşkili istiqamətində birgə fəaliyyətimiz və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
***09:30
Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru” sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərimizi bölüşdük, həmçinin COP29-un əsas mövzusu olan qalıq yanacaqlardan asılılığı azaltmaq və yaşıl enerjini təşviq etmək üçün maliyyə mexanizmləri üzrə ölkəmizin yanaşmasını müzakirə etdik. COP29-da yaşıl gündəliyə və qlobal iqlim fəaliyyətinə sadiqliyimizi bir daha vurğuladıq”, - deyə nazir qeyd edib.
BAKU.WSMənbə: baku.ws