Kiyev də daxil olmaqla Ukraynanın 3 şəhəri raket atəşinə tutulub - 5 nəfər ölüb
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev, Xarkov və Pavloqrad şəhərlərinə təşkil etdiyi raket hücumları nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan isə yaralanıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərini raketlərlə hədəfə alıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun verdiyi açıqlamaya görə, Kiyevə raket hücumu nəticəsində Svyatoşinski, Solomyanski və Peçerski rayonlarında yanğın baş verib, 1 nəfər ölüb, 2 bina və park edilmiş avtomobillərə ziyan dəyib.
Kiyev vilayətində iki yaşayış binası, fərdi ev və nəqliyyat vasitələrinə ziyan dəyib. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə hücum nəticəsində bir nəfər ölüb.
Xarkova hücumda mərmilər iki evə düşüb, 3 nəfər ölüb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti hücumlar nəticəsində 4-ü uşaq olmaqla 42 nəfərin yaralandığını bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumatda qeyd olunub ki, Rusiya qanadlı, ballistik, hava və zenit idarəolunan raketlərdən istifadə edərək Ukraynaya raket hücumu həyata keçirib. 41 raketdən 21-i məhv edilib.
BAKU.WS