Image

Dağıntılar altında qalan qızının əlini buraxmayan ata: "Əllərindən öpürdüm" - FOTO

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalan qızı İrmak Leyla Hançerin (16) əlindən tutaraq çəkilən fotosu ilə yadda qalan Mesut Hançer, zəlzələnin ildönümündə qızının məzarını ziyarət edib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Fevralın 6-da ilk zəlzələ baş verən zaman işlədiyi çörək sexində olan Mesut Hançer dərhal qızının olduğu Ebrar yaşayış kompleksinə gedib.

Gördüyü mənzərə qarşısında şoka düşən Hançer qızı İrmak Leyla Hançerin cəsədini binaların dağıntıları arasında tapıb. Ata Hançer bir gecə nənəsinin yanında qalmağa gedən və zəlzələyə yatağında yaxalanan qızı İrmak Leylanın əlindən tutub və cəsədinin çıxarılmasını gözləyib.

Mesud Hançerin qızının əlindən tutduğu foto zəlzələnin simvollarından birinə çevrilib.

Zəlzələdən sonra həyat yoldaşı və 3 uşağı ilə Ankarada yeni həyat quran Məsut Hançer ağrının ildönümündə ailəsi ilə birlikdə Kahramanmaraş'a gəlib. Hançer əvvəlcə Kapıçam Şəhər qəbiristanlığına gedib və qızı İrmak Leylanın məzarını ziyarət edib.

Qızının məzarı başına gül qoyan Hançer duyğulu anlar yaşayıb.

Zəlzələdə qızı ilə birlikdə 7 qohumunu da itirdiyini, Ankarada TV 100-də işlədiyini deyən Məsut Hançer övlad itkisinin çox fərqli olduğunu bildirib:

"Gedişi oldu, amma gəlişi olmadı. Biz də onunla birlikdə öldük. Hər kəsin ağrısı fərqlidir, amma övlad ağrısı bir başqa fərqlidir. Ana, ata, bacı, qardaş itkisindən daha ağrılıdır. Uşağımın əlindən tutub 2-3 saat gözlədim", - deyə Mesut Hançer bildirib.

Hançer Ankarada yaşasa da, tez-tez Kahramanmaraşa gəldiyini və qızının məzarını ziyarət etdiyini bildirib:

"Nənəsi ilə qalırdı, ora gəzməyə getmişdi. 2 saatlıq getdi, geri qayıtmadı. Hər şey yarımçıq qaldı. Yəni, hər şey bitdi, hər şey məhv oldu. İşdən ümidlə çıxdıq, amma bütün ümidlərimiz yarımçıq qaldı. Onun cəsədi beldən aşağı dağıntılar altında qalmışdı. Əllərindən öpdüm, yanaqlarından öpdüm. Əllərini qucaqladım, əllərindən öpdüm, amma heç bir çarə tapa bilmədik. Dərhal yox oldu".

BAKU.WS

Xəbər lenti