Azərbaycan regional turizm yarışında niyə geri qalır? - ARAŞDIRMA
2026-cı ilin ilk yarısında Azərbaycana gələn xarici ziyarətçilərin sayı 10,3% azalsa da, onların ölkədə xərclədiyi vəsait bundan iki dəfə sürətlə - 21% geriləyib. Eyni dövrdə Ermənistan turist sayında 14,8% artım qeydə alıb, Gürcüstan isə turist axınını əsasən qoruyub saxlayıb.
Rəsmi statistika və turizm sektoru nümayəndələrinin açıqlamaları göstərir ki, regional münaqişələr, hava məkanlarının bağlanması və Azərbaycanın əsas hədəf bazarlarındakı problemlər azalmanın mühüm səbəblərindəndir. Bununla yanaşı, quru sərhədlərinin bağlı qalması, aviabiletlərin qiyməti və ölkəyə çatma xərclərinin yüksək olması Azərbaycanın regional rəqiblərlə müqayisədə mövqeyi ilə bağlı suallar yaradır.
Turist 10% azalıb, xərclər 21%
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövründən 10,3% azdır. Eyni dövrdə xarici ziyarətçilərin Azərbaycanda xərclədiyi vəsait 321,8 milyon manat və ya 21% azalaraq 1 milyard 217,9 milyon manata düşüb.
Bu göstəricilər əsasında hesablamalar göstərir ki, 2026-cı ilin ilk yarısında bir xarici ziyarətçiyə düşən orta xərc təxminən 1,115 manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici təxminən 1,264 manat idi. Beləliklə, turist sayının azalması ilə yanaşı, bir ziyarətçiyə düşən orta xərc də təxminən 12% aşağı düşüb.
Xərclərin strukturunda ən böyük geriləmələrdən biri yerləşmə xidmətlərində qeydə alınıb. Xarici ziyarətçilərin bu xidmətlərə xərcləri 30,2% azalaraq 222,1 milyon manat olub. Nəqliyyata çəkilən xərclər 22% azalaraq 554,4 milyon manat, qidalanmaya xərclər isə 19,5% azalaraq 226 milyon manat təşkil edib.
Mədəniyyət sahəsində xərclər 21,3% azalaraq 7,1 milyon manata düşüb. Bunun əksinə, idman və əyləncə xidmətlərinə xərclər 3,4% artıb. Malların və hədiyyələrin alınmasına çəkilən xərclər cəmi 1,7%, nəqliyyat vasitələrinin icarəsi üzrə xərclər isə 0,2% azalıb.
Əsas zərbə uzaq bazarlardan gəlib
Dövlət Turizm Agentliyi Anews.az-ın sorğusuna cavabında bildirib ki, son altı ayda regionda baş verən geosiyasi hadisələr, uçuş istiqamətlərində dəyişikliklər və artan səyahət xərcləri Azərbaycana gələn turistlərin sayına təsir edib.
Azalma əsasən Cənubi Asiya, Cənub-Şərqi Asiya və Yaxın Şərq bazarlarında qeydə alınıb. Cənubi Asiyadan gələnlərin sayı 58%, Cənub-Şərqi Asiyadan 42%, Yaxın Şərqdən isə 39% azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Körfəz ölkələrindən gələnlərin sayı 31,4% azalaraq 127,7 min nəfər olub.
Turizm eksperti Ceyhun Aşırov hesab edir ki, geriləmənin əsas səbəblərindən biri regiondakı münaqişələrdir.
“Regional münaqişələr, xüsusən Azərbaycanın qonşuluğunda baş verən İran-İsrail müharibəsi, hava məkanlarının bağlanması və Azərbaycanın əsas hədəf bazarlarından olan Körfəz ölkələrindən turist axınının kəskin azalması ümumi turist sayına təsir göstərib. Hava məkanının bağlanması ərəb ölkələrindən Azərbaycana birbaşa uçuşlara, onların müddətinə və marşrutlarına mənfi təsir etdi. Nəticədə uçuş müddətləri uzandı”, - Aşırov bildirib.
Onun sözlərinə görə, Hindistan və Pakistan bazarlarındakı proseslər də Azərbaycana gələnlərin sayına təsir göstərib.
“Azərbaycana ən çox turist göndərən bazarlardan biri olan Hindistan və Pakistan istiqamətində baş verən münaqişələr, xüsusilə Hindistan bazarının kəskin azalması Azərbaycana gələn turistlərin sayına da öz təsirini göstərib. Bundan başqa, dünyada müşahidə olunan iqtisadi qeyri-sabitlik, inflyasiya və qiymət artımı da turizm sektoruna təsir edib. Xüsusən təyyarə yanacağının qiymətinin artması və onunla bağlı yaranan çətinliklər səyahətləri müəyyən qədər bahalaşdırıb. Tur paketlərinin qiymətində də bu bahalaşmanı görürük”, – ekspert bildirib.
Aşırov dünyada daha qısa və yaxın məsafəli səfərlərə meylin gücləndiyini də qeyd edir.
“İnsanlar uzun məsafəli səyahətlərin baha başa gəlməsi səbəbindən daha az səyahət edir, daha yaxın regionlara və daha qısa müddətli səfərlərə üstünlük verirlər. Həmçinin Azərbaycanın turizm bazarı pandemiyadan sonra hələ tam bərpa olunmayıb. Azərbaycanın turizm bazarında
2026-cı ilin ilk yarısında Ermənistanda turistlərin sayı 14,8% artaraq 1,04 milyonu keçib. Gürcüstan turist axınını əsasən qoruyub saxlayaraq cüzi artım göstərib. Azərbaycanda isə əksinə, xarici ziyarətçilərin sayı 10,3% azalaraq 1,09 milyon nəfərə düşüb. Beləliklə, Azərbaycan mütləq say baxımından Ermənistanı hələ üstələsə də, iki ölkə arasındakı fərq təxminən 50 min ziyarətçiyədək daralıb.
Türkiyənin son açıqlanmış rəsmi məlumatları yanvar-may aylarını əhatə edir. Bu dövrdə ölkəyə gələn xarici turistlərin sayı 2,6% azalaraq 15,23 milyona düşüb. İran isə 2025 və 2026-cı illərin ilk yarısını müqayisə etməyə imkan verən yarımillik turizm statistikasını müntəzəm açıqlamadığından onunla eyni metodologiya əsasında müqayisə aparmaq mümkün deyil.
Qapalı sərhədlər və bahalı uçuşlar
Azərbaycanın Gürcüstan və Ermənistandan mühüm fərqlərindən biri quru sərhədlərinin sərnişin keçidi üçün bağlı qalmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana gələn xarici vətəndaşların 71,1%-i hava nəqliyyatından istifadə edib. Dəmir yolu və avtomobil nəqliyyatının birlikdə payı 27,5%, dəniz nəqliyyatının payı isə 1,4% olub.
Aşırov hesab edir ki, bu vəziyyət Azərbaycanın regional turizm rəqabətinə təsir göstərir.
“Turizm o ölkələrdə daha çox inkişaf edir ki, həmin ölkələrdə bu sahə ilə bağlı daha liberal addımlar atılır. Gürcüstan və Ermənistanla müqayisə aparsaq, onların turizm baxımından vəziyyəti Azərbaycanla eyni deyil. Azərbaycanda quru sərhədlər bağlıdır. Gürcüstandan gələn turistlərin böyük hissəsi məhz quru sərhədlərindən istifadə edir. Eyni vəziyyət Ermənistana gələn turistlər üçün də keçərlidir”, – ekspert bildirib.
Onun sözlərinə görə, viza rejimi və birbaşa uçuşların mövcudluğu da regional rəqabətdə mühüm rol oynayır.
“Xüsusilə Gürcüstanda bir çox ölkə vətəndaşları üçün viza tələb olunmur. Birbaşa uçuşların mövcudluğu da turist axınına müsbət təsir göstərir. Azərbaycanın əsas geri qaldığı məsələlərdən biri isə ölkəyə gəlmənin, xüsusilə nəqliyyat xərclərinin baha olmasıdır”, – Aşırov deyib.
Ekspert hesab edir ki, Azərbaycanın daxilində xidmət qiymətləri əsas problem deyil.
“Bir turist hansı ölkəyə səfər edəcəyinə qərar verərkən ilk növbədə həmin ölkəyə getməyin nə qədər əlverişli olduğunu nəzərə alır. Bu baxımdan Azərbaycan, təəssüf ki, digər regional ölkələrdən bir qədər geri qalır. Baxmayaraq ki, qidalanma, yerləşmə və otel qiymətləri kifayət qədər rəqabətlidir, Azərbaycana gəlməyin baha olması turistləri digər istiqamətlərə yönəldir”, – o bildirib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, deputat Göydəniz Qəhrəmanov da aviabiletlərin qiymətinin aşağı salınmasını turist axınının artırılması üçün vacib hesab edir.
“Əsas məsələlərdən biri aviabiletlərin daha əlçatan olmasıdır. Aviabiletlərin qiyməti aşağı düşərsə, turistlərin sayının artmasına şərait yarana bilər. Nəticədə təkcə hava nəqliyyatı deyil, digər sektorlar da bundan fayda götürəcək, eyni zamanda yeni iş yerlərinin açılmasına imkan yaranacaq”, – Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizm infrastrukturu son illərdə əhəmiyyətli dərəcədə genişləndirilib.
“Bu gün Azərbaycanda 9 beynəlxalq hava limanı fəaliyyət göstərir, yeni yollar salınır, dəmir yolları yenilənir, sürətli qatarların sayı artırılır, körpülər və tunellər inşa olunur. Həm vətəndaşlarımız, həm də ölkəmizə gələn qonaqlar üçün müasir infrastruktur yaradılır. Paytaxtda və regionlarda tanınmış brend hotellər fəaliyyət göstərir, təhlükəsizlik yüksək səviyyədə təmin olunur. Bütün bunlar, sözsüz ki, turistləri ölkəmizə cəlb edən amillərdir”, – Qəhrəmanov deyib.
O da Cənubi Asiya və Körfəz bazarlarındakı azalmanı geosiyasi vəziyyətlə əlaqələndirib.
“Təəssüf ki, regionda baş verən müharibələr və geosiyasi hadisələr turizm sektoruna birbaşa təsir edir. Əsasən Cənubi Asiya və Körfəz ölkələrindən gələn turistlərin sayında azalma müşahidə olunur. Bu da geosiyasi vəziyyətlə bağlıdır”, – deputat bildirib.
Yeni bazarlar itkiləri kompensasiya edə bilmir
Ümumi azalmanın fonunda bəzi prioritet bazarlarda ciddi artım qeydə alınıb.
Dövlət Turizm Agentliyinin məlumatına görə, yanvar-iyunda Mərkəzi Asiyadan gələn ziyarətçilərin sayı 19%, o cümlədən Özbəkistandan 50%, Qazaxıstandan 11% artıb. Türkiyədən gələnlərin sayı 7%, Qərbi Avropadan 8%, Almaniyadan 23%, İsraildən isə 20% yüksəlib. Rusiya və vizasız rejimin tətbiq olunduğu Çin bazarının isə regional çətinliklərə baxmayaraq sabit qaldığı bildirilir.
Turistlərin xərclərində də bəzi yeni bazarlar üzrə artım var. Mərkəzi Asiyadan gələnlərin xərcləri 18%, Özbəkistan üzrə 49%, Qırğızıstan üzrə 39%, Tacikistan üzrə 30% yüksəlib. Almaniyadan gələn turistlərin xərcləri 32%, Polşadan 18%, Böyük Britaniyadan 12%, Çindən isə 4% artıb. Lakin ümumi turist sayının 10,3%, ümumi xərclərin isə 21% azalması göstərir ki, böyüyən bazarlardakı artım itirilən turist və gəlirləri hələ tam kompensasiya edə bilmir. Dövlət Turizm Agentliyi isə turist sayının sektoru qiymətləndirmək üçün yeganə göstərici olmadığını vurğulayır.
Agentliyin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında turistlərin Azərbaycanda orta qalma müddəti ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalaraq təxminən 4,5 gecə təşkil edib. Alış-veriş, əyləncə və idman xidmətləri, həmçinin avtomobil icarəsi kimi istiqamətlərdə xərclərin də ötən ilin səviyyəsinə yaxın qaldığı bildirilir.
Agentlik bunu turistlərin ölkə daxilində xərcləmə davranışında əhəmiyyətli dəyişiklik olmaması və hər turistin yerli iqtisadiyyata töhfəsinin ümumilikdə qorunması kimi qiymətləndirir. Bununla belə, rəsmi ümumi göstəricilər əsasında aparılan hesablama bir ziyarətçiyə düşən orta ümumi xərcin təxminən 12% azalmasına işarə edir. Fərqin bir hissəsi ümumi xərclərdə nəqliyyatın böyük payı və bu kateqoriyada qeydə alınmış 22%-lik azalma ilə izah oluna bilər. Agentlik də ümumi xərclərin azalmasının əsas səbəblərindən biri kimi nəqliyyat xərclərinin aşağı düşməsini göstərərək bunu beynəlxalq uçuş istiqamətləri və aviabilet qiymətlərindəki dəyişikliklərlə əlaqələndirib.
Hökumət aviasiya və viza rejimində dəyişiklik planlaşdırır
Turizmin inkişafının dəstəklənməsi məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb və hazırda təsdiq mərhələsindədir. Dövlət Turizm Agentliyinin məlumatına görə, proqramda hava məkanından istifadənin liberallaşdırılması və hava əlaqələrinin genişləndirilməsi, gəlmə turizmi üçün vizasız rejimin əhatəsinin artırılması, mikro və kiçik turizm sahibkarlığının dəstəklənməsi nəzərdə tutulur. Turizm subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi, hədəf bazarlarda reklam və sosial media kampaniyalarının genişləndirilməsi də planlaşdırılan tədbirlər sırasındadır. Agentlik hesab edir ki, bazarların şaxələndirilməsi və daha yüksək iqtisadi dəyər yaradan turistlərin cəlb edilməsi Azərbaycanın daha dayanıqlı və keyfiyyət yönümlü turizm modelinə keçidini dəstəkləyəcək.
Qəhrəmanovun sözlərinə görə, turist axınının artması yalnız turizm sektorunun deyil, bütövlükdə iqtisadiyyatın müxtəlif sahələrinin gəlirlərinə təsir edə bilər.
“Turist axınının artması nəticəsində hava nəqliyyatı ilə yanaşı, hotelçilik, ictimai iaşə, nəqliyyat və digər sahələr də əlavə gəlir əldə edə, yeni iş yerləri yarana bilər”, – o bildirib.
2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan turizmi üçün əsas çağırış yalnız daha çox turist cəlb etmək deyil. Ölkənin regiondakı alternativ istiqamətlərlə əlçatanlıq, nəqliyyat xərcləri və giriş şərtləri baxımından nə dərəcədə rəqabət apara bilməsi də sektorun gələcək artımını müəyyən edən əsas amillərdən birinə çevrilir.
Aytac Zeynalova
Gülnar Nazimqızı
Mənbə: anews.az