Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Deputat Razi Nurullayev kiçik sahibkarların və yerli istehsalçıların məhsullarını bazara çıxarmasını asanlaşdırmaq məqsədilə 2027-ci ildən “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı”nın hazırlanmasını təklif edib.
Deputat bildirib ki, Azərbaycanda minlərlə kiçik sahibkar, ailə təsərrüfatı və yerli istehsalçı müxtəlif məhsullar istehsal etsə də, onların əsas problemi məhsulu satmaqdır.
“Biz fermerə toxum, gübrə, subsidiya, sahibkara güzəştli kredit veririk. Ancaq məhsul hazır olduqdan sonra onun harada və kimə satılacağı məsələsi çox vaxt istehsalçının öz üzərinə düşür. Kiçik sahibkarın böyük supermarketlərə çıxış, rəf əldə etmək, qablaşdırma, sertifikatlaşdırma, saxlama və daşınma imkanları məhduddur. Nəticədə keyfiyyətli məhsul istehsal olunsa da, bazara çıxarıla bilmir”, - Razi Nurullayev bildirib.
Deputat təklif edib ki, kiçik yerli istehsalçıların dövlət satınalmalarında iştirak imkanları genişləndirilsin. Onun fikrincə, məktəb, xəstəxana və uşaq bağçaları kimi dövlət müəssisələrinin satınalmalarının daha kiçik lotlara bölünməsi ailə təsərrüfatlarının bu bazara çıxışını asanlaşdıra bilər.
O, supermarket şəbəkələri ilə kiçik istehsalçılar arasındakı münasibətlərdə də şəffaflığın artırılmasını, ödəniş intizamının gücləndirilməsini və yerli məhsullar üçün xüsusi satış bölmələrinin yaradılmasını vacib sayıb.
Razi Nurullayev mikro və kiçik sahibkarlara sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xərcləri üzrə dövlət dəstəyi göstərilməsini, regionlarda ümumi istifadə üçün müvafiq mərkəzlərin yaradılmasını da təklif edib. Həmçinin istehsalçıların məhsullarını mağazalara, restoranlara və birbaşa alıcılara təqdim edə bilməsi üçün rəqəmsal satış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Deputatın təklif etdiyi proqram çərçivəsində mövcud aqrologistika və soyuducu anbar imkanlarının əlaqələndirilməsi, məhsulların saxlanması, qablaşdırılması və daşınması üzrə güzəştli xidmətlərin təşkili, dövlət satınalmalarına və iri ticarət şəbəkələrinə çıxışın asanlaşdırılması nəzərdə tutulur.
“İqtisadi inkişafı yalnız böyük zavodların tikilməsi və iri investisiyalarla ölçmək düzgün olmazdı. Təsəvvür edin ki, ölkəmizdə 40-50 min kiçik istehsalçı fəaliyyət göstərir və onların hər biri orta hesabla 10 nəfəri işlə təmin edir. Bu, potensial olaraq 400-500 min iş yeri deməkdir”, – deputat qeyd edib.
Razi Nurullayev xahiş edib ki, 2027-ci ilin, mümkün olmadıqda isə 2028-ci ilin dövlət büdcəsində proqram üçün ayrıca maliyyə mexanizmi nəzərdə tutulsun, icraya məsul qurumlar müəyyənləşdirilsin və konkret nəticə göstəriciləri təsdiqlənsin. O, aidiyyəti qurumlara proqramın hazırlanması və nəticələrinin Milli Məclisə təqdim edilməsi barədə tapşırıq verilməsini də təklif edib.
“İstehsalçını yalnız istehsala təşviq etmək kifayət deyil, onun məhsulunu satmasına da şərait yaratmalıyıq. Dövlətin dəstəyi məhsulun istehsalından başlayaraq alıcıya çatmasına qədər davam etməlidir”, – deputat vurğulayıb.
Mənbə: anews.az