Əmək hüquqlarını pozan MMC CƏRİMƏLƏNDİ
Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Gundem.az-a Ağdam rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, “EOS QRUP” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı araşdırma aparılıb. Nəticədə, qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsini yerinə yetirməsi işinə cəlb edilməsi müəyyən edilib.
“Faktla bağlı Ağdam rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib”, - məlumatda bildirilib.
Həmçinin məlumata əsasən, cəmiyyətin direktoru Hüsniyə Məmmədova barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional Şöbəsinə göndərilib. Vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.
Mənbə: gundem.az