Bir bəşəriyyət evsiz qalıb- Aysel Oğuz yazır
Zənnimcə, dünyada iki peşə sahibi vardır ki, onlara rəğbət bəslənilməli, az qala sitayiş olunmalıdır. Bunlardan biri aktyorlar, digəri isə alimlərdir. Onlar fədaidilər, onlarsız insan ruhu mənəvi qidalana bilmir, bəşəriyyət isə uğura gedə bilmir. Yazıçı öz əsərini yaradanda bir dəfə ölüb dirilirsə, aktyor məşqdən qabaq əsərin qəhrəmanı ilə tanış olur, həmin insanın bədəninə girib onun ruhuna çevrilir, daha sonra tamaşanın premyerasına qədər yüz dəfələrlə qəhrəmanın obrazına girib hər gün ölür. Başa düşürsüz başqasının ruhunda hər gün ölüb dirilmək nə deməkdir? Və tamaşanın premyerasından sonra həmin obrazda o aylarla, bəlkə də illərlə ölüb qalmaqda davam edir. Maraqlısı odur ki, biz tamaşaçını mənəvi qidaya çatdırmaq üçün özü ölməlidir. Məgər bu fədailik deyil? Niyə bu hadisəyə adi baxırıq, dəyərsizləşdiririk? Məgər azdırmı qəhrəmanın həyatını var gücüylə yox, "var ruhuyla" canlandırıb, sonra da qeyri-səhnə həyatında öz ruhunu onun həyatına qarışdırıb, həyatını puç edən aktyor? Azərbaycan, sonu hüznlə bitən, xoşbəxtlik hissi duymayan, yalnız, kimsəsiz biri kimi bu dünyadan köçən "N" qədər aktyorlara şahidlik etdi.Beləmi olacaqdı fədailərin sonu? Axı belə olmamalı idi... Az öncə qeyd etdiyim digər fədailər- alimlər bəs necə? Səhər bir alimimizlə bağlı bir paylaşım məni məyus etdi. Təkcə məni yox, insanlığımızı məyus etdi desəm daha düzgün olar. Bir azərbaycanlı alimin, öz əliyazmalarıyla küçədə qalma məyusluğunu yaşayıram hələ də...2-3 gündür bir bəşəriyyət fədaisi evsiz qalıb. Başa düşürsüz bu necə dəhşətli bir faciədir? Nəzərə alsaq ki, iki gün öncə göydən necə leysan yağırdı, fədainin küçədə qalaq-qalaq qutularda saxladıqları əlyazmaları, yəni həyatı "balaları" o yağış damlalarıyla birgə necə islanıb, korlanıb, suyla bir sovrulub gedirsə və o balaları üçün heç nə edə bilmirsə, çarəsizdirsə...Onu hiss etmək belə dəhşətdir. Axı belə olmamalıydı...
AMEA bildirib ki, bizim küçədə qalan Fazil İsmayılov adında alimimiz yoxdur. Bu da bir digər dəhşətdir ki, o var, amma yoxmuş kimidir... Bir alimin Quranı rus və azərbaycan dillərinə çevirməsi, bir ömür boyu şüursuzca başını möhürə qoymaqdan üstündür... Bir alimin gecə-gündüz, yeri gəlsə ac və susuz bəşəriyyət uğrunda ərsiyə gətirdiyi çalışmaları, yüz il ərzində, 12 ayın hər günü oruc tutsaq belə, onun etdikləri bizim etdiklərimizdən yenə də üstündür...Bir alimin bəşəriyyət üstündə tökdüyü alın təri, plastik qablarda satılan və böyük biznes mənbəyinə çevrilmiş, Zəmzəm suyu adı altında satılan həmin o sudan yenə də üstündür.Ən əsas bir alimin zəhməti, sizcə Həcc ziyarətinə Kəbədə yeddi dəfə təvaf etmək üçün, qaldığı oteldən həmin ziyarət məkanına zəhmət çəkmədən liftlə enən bir "Hacı" dan nə qədər üstün ola bilər? Alimlə, dinin beş vacib qaydalarını yerinə gətirən bizlərin fərqi bilirisiz nədədir? Bizlər, bu vaciblikləri özümüz üçün etdiyimiz təqdirdə, alimin etdikləri bizlər üçün, yəni bəşəriyyət üçün olmağıdır.
Mən öz alimimi küçədə evsiz qalan, pulsuz qalan, kimsəsiz qalan görmək istəmirəm. Hər insanın bu dünyada öz missiyası olduğu təqdirdə, izn verin onlar da öz missiyasını yerinə yetirsin.Onları incitməyin, küsdürməyin, sürgün etməyin, BEZDİRməyin! Həyatda Onlara yalnız alqış, rəğbət və təzim düşür!
P.S. amerikalı turist bir neçə müddət Bakını gəzdikdən sonra, onda elə bir fikir yaranmışdır ki, sanki bu şəhərdə hər kəs taksi fəaliyyətiylə məşğuldur. Əgər bu ölkədə 50 minə yaxın taksi varsa və bu 50 min sürücünün içində on nəfər yox, biri belə alimdirsə, bu növbəti bizim utanc yerimizdır!
Aysel Oğuz
Mənbə: gundem.az